İndi kim başqa birinə sözün tam mənasında "həyat yoldaşım" deyə bilir? Belələri var, əlbəttə, amma getdikcə azalırlar.
Bir vaxtlar insanlar bir-birinə yar, yoldaş olurdu. Həyatın təkcə gözəl tərəflərini yox, ağırlığını da birgə daşıyırdılar. İnsanın sevdiyi, dərdləşdiyi, sevincini ilk ona danışmaq istədiyi, darıxanda axtardığı, kədərlənəndə yanında görmək istədiyi bir nəfər olurdu. Çox vaxt danışmağa da ehtiyac qalmırdı. Bir baxış, əlinin üstünə qoyulan bir əl bəs edirdi.
Yoldaşlıq təkcə sevmək demək deyildi. Bu, bir insanın həyatına bütün halları ilə şahid olmaq idi: sevincinə də, kədərinə də, qorxularına da, illər keçdikcə dəyişən düşüncələrinə də.
İndi isə bu bütövlük sanki parçalanıb. Birini sevirik, başqası ilə dərdləşirik, özümüzü üçüncü birinin yanında daha rahat ifadə edirik. Ehtirası birindən, anlayışı digərindən, mənəvi yaxınlığı isə başqasından gözləyirik. Həyatımızda insanlar çoxaldıqca, həyatımızı həqiqətən kimlə bölüşdüyümüzü demək də çətinləşir.
Sevdiyimiz insan artıq mütləq ən yaxın sirdaşımız, ən böyük dayağımız, özümüzü ən rahat hiss etdiyimiz yer olmur. O, həyatımızın bir hissəsindədir, qalan hissələrində başqaları var. "Həyat yoldaşı" sözünün bir zamanlar daşıdığı mənalar beləcə bir neçə münasibət arasında bölünür.
Müasir münasibətlərdə məni ən çox düşündürən ziddiyyət budur: insanlar bir-birinə asan yaxınlaşır, amma bir-birinin həyatında dərin yer tuta bilmir. Münasibət qurmaq üçün imkan həddindən artıq çoxdur. Lakin bir insana bağlanmaq, həyatın naməlumluğunu onunla bölüşmək, zamanın gətirdiyi dəyişikliklərə birlikdə dözmək əvvəlki qədər cəlbedici görünmür. Birini sevmək istəyirik, amma onun həyatının yükünə şərik olmağa tələsmirik. Yaxınlıq axtarırıq, onun gətirdiyi məsuliyyətdən isə çəkinirik. Kiminsə həyatında xüsusi yer tutmaq istəyirik, özümüz isə öz həyatımızda ona nə qədər yer ayıracağımızı bilmirik.
Bəlkə də bu gün insanın tənhalığı ətrafında heç kimin olmamasından irəli gəlmir. Ətrafı adamla doludur, amma həyatına bütövlükdə şahid olan biri yoxdur.
Təbii ki, keçmişdəki bütün münasibətləri dərin, indikiləri isə səthi saymaq düz olmaz. O vaxt da bir dam altında yaşayıb bir-birinə yad qalanlar az deyildi. Məni düşündürən başqa şeydir: münasibətlərin köhnə formalarından azad olarkən onların içindəki bəzi qiymətli mənaları da itirmirikmi?
Həyat yoldaşı olmaq eyni evdə yaşamaqla, birlikdə vaxt keçirməklə, bir-birini sevməklə bitmir. Bu, bir insanın həyatına kənardan baxmaq yox, o həyatın içində onunla birlikdə var olmaqdır. Onun bu gün kim olduğunu görməklə yanaşı, dünən kim olduğunu, nələrdən keçib bu günə gəldiyini, sabah kimə çevriləcəyini də görməkdir.
Məncə, insan təkcə sevilmək istəmir. O, bütün dəyişiklikləri, zəiflikləri və ziddiyyətləri ilə birlikdə kiminsə həyatında özünə yer tapmaq istəyir.
Axı bir insanın həyatında olmaq hələ onun həyatına yoldaş olmaq demək deyil.